27.02.2020

Xocalı soyqırımı

           Xocalı-keçmişimizdən bu günə uzanan bir yara, üstündən neçə min illər keçsə də unutulmayacaq bir tarixi hadisədir. Bu soyqırım Azərbaycanın tarixinə ən dəhşətli, faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bütövlükdə Azərbaycan xalqına, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik səlnaməsidir.
        Azərbaycan Respublikası Təhsil Nazirinin 13.02.2020-ci il tarixli, F-91 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı”na müvafiq olaraq Qubadlı Rayon Təhsil Şöbəsinin 13.02.2020-ci il tarixli 298§3 nömrəli əmri ilə təsdiq edilmiş “Tədbirlər planı” hazırlamışdır. Tədbirlər planına uyğun olaraq rayonumuzun ümumi təhsil müəssisələrində anım tədbirləri, sənədli və bədii filmlərin nümayişi təşkil edilmişdir.
        Anım tədbirləri geniş şəkildə rayonun bütün ümumi təhsil müəssisələrində qeyd edilmiş, şagirdlər tərəfindən hazırlanmış kompozisiyalar, səhnəciklər nümayiş etdirilmiş, şeirlər söylənilmişdir. Eyni zamanda Xanlıq kənd 1, Xanlıq kənd 2, Şəhər 3, Muradxanlı, Xanlıq kənd 3, Teymur Müskanlı, Qəziyan, Qaralar, Xələc kənd tam orta məktəblərinin pedaqoji işçiləri və yuxarı sinif şagirdləri Xocalı soyqırımı ilə bağlı Respublika Hərbi Prokrorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə, eyni zamanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinə ziyarətləri təşkil olunmuşdur.