25.02.2021

Qubadlı rayonunun ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir

       Xocalı dedikdə ağlımıza sadəcə bir yer adı, coğrafi ad gəlmir. Xocalı dedikdə yaddaşımızda diri - diri başının dərisi soyulmuş, erməni qəbrinin üzərində başları kəsilmiş kişilər, gözləri çıxarılmış, sinəsi yarılıb ürəkləri parçalanmış, tikə-tikə doğranılmış uşaqlar, yandırılmış, qarnı yarılmış  hamilə qadınlar canlanır. Bu faciə insanlıq tarixinin ən dəhşətli, faciəli səhifələrindən biridir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
      1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri şəhəri toplardan və ağır zirehli texnikadan atəşə tutmağa başlamış, yandırmışlar. Xocalı yerlə yeksan edilmiş, dinc əhaliyə divan tutulmuşdu. Qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər 2 valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Bütün bunlar Azərbaycan xalqının yaddaşına yazılaraq qəlblərində silinməz izlər qoymuşdur.
      Artıq Xocalı soyqırımının üzərindən 29 il ötür. Qubadlı rayonunun ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 29 - cu ildönümü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, rayonun təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər təşkil edilir, məktəbin müəllim və şagird kollektivlərinin iştirakı ilə onlayn tədbirlər keçirilir, məktəblərin şagirdləri tərəfindən müxtəlif təqdimatlar, kompozisiyalar, videoçarxlar hazırlanır.
     Onu da qeyd edək ki, təşkil olunmuş tədbirlərdə müəllimlərin, şagirdlərin gözlərində bir sevinc, fərəh, qürur var. Bu isə doğma Xocalımıza qovuşmağın, torpaq bütövlüyümüzün bərpasının verdiyi bir fəxarət hissidir.


Açar sözlər: ,  ,  ,  ,