Azərbaycan Respublikası dövrünün ən qüdrətli zamanını yaşamaqdadır . Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında misli görülməmiş inkişafa nail olan ölkəmiz bütün istiqamətlərdə mütləq dinamikaya nail olmuş, bütün proseslərin milli maraqlara xidmət edən müsbət sonluğuna hökm etməyi bacarmışdır.
Son 17 ildə cənab Prezidentin gərgin əməyi nəticəsində, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməllər üzərində, yeni uğurlara imza atıldı. Hərbi, iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar, siyasi sabitliyin qorunub saxlanması ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində inkaredilməz həqiqətlərdir. Dövlətimizin mürəkkəb regionda yerləşməsi, bir çox nəhəng dövlətlərin maraqlarının həm kəsişməsinə, həm də problemlər doğuracaq qədər toqquşmasına səbəb olan ziqzaqlı siyasi atmosferə səbəb olur ki, bu bəzən dözülməz həddə çatan təzyiqlərin yaranmasına rəvac verir. Bu mürəkkəb regional maraqlar və ziddiyyətlər fonunda uğurlu xarici və daxili siyasətin nəticəsində Azərbaycan dövləti milli maraqların təmin olunmasına nail oldu. Cənab Prezidentin xarici siyasət konsepsiyası ölkəmizin maraqlarına xidmət edən çoxqütblü və çoxformatlı xəttə söykənir. Zaman göstərdi ki, bu strategiya alternativsizdir.
Vətən müharibəsi Azərbaycan dövləti ilə xalqı arasında olan birliyin nəhəngliyini və sarsılmaz olduğunu sübut elədi. Ali Baş Komandan ətrafında birləşən xalqımız və ordumuz “Dəmir yumruq” kimi düşməni əzdi və kapitulyasiyaya vadar elədi. Eyni zamanda ölkəmizin beynəlxalq etibarı və gücü də bir daha özünü göstərdi. Azərbaycanın haqq mübarizəsində yanında olan dövlətlər içərisində qardaş və dost Türkiyə Respublikasının qətiyyətli duruşu, qələbəmizi sona qədər davam etdirməyə imkan yaradan amillərdən biri oldu. Tarixi qardaşlığa söykənən, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturu ilə şüurlara hökm edən Azərbaycan –Türkiyə münasibətləri tarixin süzgəcindən keçərək qüvvətli bir şəkildə dastana çevrilən mərhələyə qədəm qoydu. İki qardaş respublikanın birliyi və qətiyyəti, hümanizmi, iki liderin uzaqgörənliyi regionun simasını dəyişir və dəyişəcəkdir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin 26 fevral 2021-ci il tarixində 4 saatdan artıq davam edən, yerli və xarici jurnalistlər üçün mətbuat konfransında vətən müharibəsində Türkiyənin mövqeyi, iki ölkənin gələcək fəaliyyət prespektivləri çərçivəsində önəmli açıqlamalar verdi. Azərbaycan prezidenti əslində çoxşaxəli münasibətlər fonunda iki qardaş dövlətin və xalqın gələcək fəaliyyət strategiyasını, yol xəritəsini müəyyən etdi. Cənab Prezidentin ifadə etdiyi kimi qardaş Türkiyə ilə münasibətlər daha mükəmməl səviyyəyə çatdırılacaq. Əvvəllər olduğu kimi iqtisadi-siyasi, sosial-mədəni və hərbi sahədə əlaqələr daha da genişlənəcək. 44 günlük müharibənin gedişində türk ağlının və səriştəsinin bəhrəsi olan hərbi yeniliklərin üstünlüyü düşmən tərəfindən və eyni zamanda regionda baş verən prosesləri yaxından izləyən dairələr tərəfindən dəfələrlə etiraf edildi. Bu texnika və bilgidən məharətlə istifadə edən Azərbaycan əsgərinin də bacarığı dosta sevinc, düşmənə qorxu gətirdi.
Konfransda cənab Prezident həmçinin azad edilmiş ərazilərin gələcəyi ilə bağlı aydın təsəvvürlərini bir daha diqqətə çatdırdı. Qarabağın yenidən qurulmasında, çox geniş və hormonik layihələrin icrasında türk şirkətlərinin varlığı dövlətimizin önəm verdiyi məsələlərdəndir. Siyasi sahədə həyata keçirilən həmrəylik bu məsələdə də mövcudiyyətini qorumaqda davam edəcəkdir.
Bu bir həqiqətdir ki, coğrafi mövqeyi və mövcud gücü baxımından regionda istənilən layihə Azərbaycan - Türkiyə tandemi nəzərə alınmadan mümkün deyil. İndiyə qədər bu birliyin və iradənin ziddinə nəzərdə tutulan, amma reallaşdırılmayan istənilən cəhdin aqibəti buna sübut ola bilər. Azərbaycan –Türkiyə faktoru ayrışdırıcı, imperial xarakter daşımır. Tam əksinə, birləşdirici, ədalətli bölüşdürücü, əməkdaşlıq və inkişaf meyillidir. Yəni, bu münasibətlərdən təkcə iki dövlət deyil, region dövlətləri də ciddi əsasda mənfəət əldə edəcəklər. Bu situasiya davamlı olduğu təqdirdə isə Qafqaz regionu əbədi sülhün beşiyinə çevriləcək.
Mətbuat konfransında Azərbaycan Prezidenti gələcək münasibətlərin və əməkdaşlığın əsas ştrixlərini bir daha təyin etdi. Türkiyə, Azərbaycan, Rusiya və İran arasında yaradılan, Ermənistan və Gürcüstanın da qoşulması ilə altılı geosiyasi reallığın yaradılması bölgədə uzunmüddətli iqtisadi artımın, milli rifahın, sosial və mədəni dirçəlişin, inteqrasiyanın, Çindən Avropaya, şərqdən qərbə uzanan çoxəsirlik əlaqələrin dirçəldilməsi deməkdir.
30 ildən çoxdur davam edən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ ( keçmiş) münaqişəsi, nəhayət ki, Azərbaycanın ədalətli mövqeyinə əsaslanmaqla öz həllini tapdı. Ölkəmizin ərazi bütövlüyü təmin edildi, millətimizin həsrətlə gözlədiyi tarixi ədalət bərpa edildi, qaçqın və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına dönməsi üçün imkan yarandı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz Vətən müharibəsində düşmən ordusunu darmadağın edərək əzəli və əbədi vətən torpaqlarını azad etdilər. Vətən müharibəsinin nəticələri təkcə ölkəmizin ərazi bütövlüyü ilə qalmadı, region ölkələrinin iqtisadi və siyasi münasibətlərinin yeni formatını müəyyən etdi. Regionun çoxillik siyasi və iqtisadi təsviri yeni prespektivlərdə canlandı. Yeni iqtisadi münasibətlər, kommunikasiyaların bərpa edilməsi Cənubi Qafqaz və ona qonşu olan xalqlar və dövlətlər üçün daha məqbul əməkdaşlıq platforması yaradır. Beləliklə, əminliklə deyə bilərik ki, təxminən 150 ildən çox davam edən müxtəlif gərginliklərin məkanına çevrilən regionumuz Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində yeni səhifəyə başlamaq ərəfəsindədir. Əlbəttə ki, əməkdaşlıq mühiti qəsibkarlıq siyasəti yeridən və bu siyasətin nəticəsində ağır məğlubiyyətə düçar olmuş Ermənsitan üçün də inkişaf etmək və uğursuzluq zolağından çıxmaq üçün bir imkandır. Mən deyərdim axırıncı imkan !