06.04.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfəri

    Şuşa Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən, qədim tarixə və abidələrə malik olan bir şəhəridir. Şəhərin əsası  hələ 1752-ci ildə Pənahəli  xan tərəfindən qoyulmuşdur. Şəhər yerləşdiyi coğrafi mövqeyinə, təbiətinə, tarixi abidələrinə görə daim erməni işğalçılarının diqqət mərkəzində olmuşdur. Şuşa işğal edilən zaman azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerla-yeksan etmiş, məktəbləri, muzeyləri dağıtmış, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondlarını qarət etmişlər. İşğal nəticəsində bütün bina və məscidlərimiz dağıdılmış, məscidlərdə heyvanlar saxlanılmış, bizim müqəddəs abidələrimizi təhqir etmişlər. Dünya tarixində belə bir vəhşilik indiyə kimi görülməmişdir. Onlar bizim torpaqlarda məskunlaşdıqları halda yerli əhalini qovmuş, öldürmüş, yandırmış, soyqırım törətmişlər.

     Artıq Şuşanın o ağrılı, acılı taleyi geridə qalıb, Şuşa onun əbədi sakinlərinin yenidən qayıtmasını gözləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir. Qarabağ Azərbaycandır”.

    16 mart tarixində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşaya səfər etdilər. Səfər zamanı Füzuli-Şuşa yolunun,  Füzuli beynəlxalq hava limanının təməli qoyuldu. Eyni zamanda Molla Pənah Vaqifin məqbərəsinin Heydər Əliyev Fondunun vəsaiti hesabına bərpasına başlanacağı qeyd edildi. Həmçinin aparılacaq yenidənqurma işlərindən sonra Şuşa öz qonaqlarını yüksək səviyyədə qarşılaya biləcək. Gözəl mənzərəsi, təbiəti olan Şuşa şəhərinə turist axının da çox olacağı gözlənilir. Artıq bərpa işlərinə başlanılmış, Şuşa yarımstansiyası inşa edilərək istifadəyə verilmişdir.

    Səfər zamanı diqqəti çəkən əsas məqamlardan biri də Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərinin Prezident tərəfindən Bakıdan Şuşaya gətirilməsi, əvvəlki yerinə qoyulması oldu. Ali Baş Komandan Şuşada hərbiçilər qarşısında çıxış edərək qeyd etmişdir: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

    Həqiqətən də, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixində, eyni zamanda dünya tarixində xüsusi, özünəməxsus yer tutdu. Demək olar ki, şəhərin əlbəyaxa döyüşlərlə azad edilməsi həm də müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib.

     Uzun müddət idi ki, ermənilər Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, onu Şuşi adlandırırdılar. Şuşaya səfərlər edərək qondarma rejimin parlamentinin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkən ermənilər xalqımızın hissləri ilə oynayırdılar. Onlar mütləq şəkildə cəzalarını alamlı idi və aldılar.

     Prezident İlham Əliyev Şuşa şəhərində əsgərlər qarşısında çıxışında başqa bir maraqlı məqama da toxunmuşdur. O demişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ Respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

    Müharibəyə qədər ki, dövrdə imkanlarını, güclərini aşan fikirlər səsləndirən ermənilər, təbii ki, yaxşı bilirdilər ki, erməni dövlətinin yaradılması tarixin müxtəlif dövrlərində Azərbaycan torpaqlarının işğalı nəticəsində mümkün olmuşdur. Ermənistan güman edirdi ki, onların havadarları bu 44 günlük müharibədə də onlara arxa duracaq. Lakin Vətən müharibəsi ərzində ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti bu dəfə ermənilərin və onların havadarlarının bölgədəki siyasətlərinin iflası ilə nəticələndi. Müzəffər ordumuz qısa müddət ərzində düşməni işğal etdikləri torpaqlardan çıxarmağa müvəffəq oldu. Bununla da, Azərbaycan xalqı öz gücünü, cəsarətini, mərdliyini, işğalçı tərəf isə qorxaqlığını, gücünün ancaq dildə olduğunu bir daha göstərmiş oldu.

     Münaqişənin Azərbaycanın xeyrinə başa çatmasını həzm edə bilməyən bəzi xarici, Ermənistan cəmiyyətində olan revanşist qüvvələr işğaldan azad edilmiş Azərbaycan torpaqların yenidən tələb olunması barədə danışırlar. Lakin onu başa düşmürlər ki, əgər yenidən torpaq iddiası ilə çıxış edərlərsə, Azərbaycan yenidən dəmir yumruğu işə salmalı olacaq. Ona görə də Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünməli, bizim torpaqlarımızla bağlı xəyallara qapılmamalıdır. Artıq bölgənin güclənməsi, sabitliyi üçün Ermənistan işğalçı niyyətindən əl çəkməli, geosiyasi proseslərin təməli qoyulmalıdır.

    Dövlət başçısı Şuşadakı çıxışında vətən torpağının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, qazilərimizin daim diqqət mərkəzində olduğunu qeyd etmiş, bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillərin, evlərin veriləcəyini, müavinətlərin qaldırılacağını və o ailələrin qayğı ilə əhatə olunacağını da vurğulamışdır.

     Bundan sonra bütün Azərbaycan xalqı Prezidentin ətrafında müharibə dövründə olduğu kimi bir yumruq  kimi birləşərək işğaldan azad olunmuş torpaqların dirçəldilməsi, yenidənqurulması üçün var gücü ilə çalışacaq. Artıq bizim tarixə qızıl hərflərlə yazılmış bir zəfər qələbəmiz var.


Açar sözlər: ,