10.04.2021

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal zirvə görüşündə cənab Prezident İlham Əliyevin çıxışına dair

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 31 mart tarixində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal zirvə görüşündə çıxış etmişdir. Çıxışında cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün Ermənistan dövləti tərəfindən pozulduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Rəsmi İrəvanın işğalçılıq siyasəti nəinki Azərbaycanın, eyni zamanda bütün regionun iqtisadi inkişafına məneə olmuşdur. 30 ilə yaxındır Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycanın  beynəlxalq birlik tərəfindən tanınan 20 faiz torpaqlarını işğal altında saxlamışdır. Bir milyona yaxın soydaşımız məcburi – köçkün vəziyyətinə salınmış, öz ata- baba yurdlarını tərk etmək məcburiyyətində qalmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. I Qarabağ  müharibəsinin gedişində erməni vandalları tərəfindən XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədilmişdir. 1992-ci ilin fevralında törədilən soyqırım zamanı Xocalının 613 dinc sakini məhz azərbaycanlı və müsəlman olduğu üçün erməni millətçiləri tərəfindən xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir. Onların 106-nı qadın , 63-nü isə uşaq təşkil edirdi. Bu insanlığa sığmayan bir vəhşilik idi. Ermənilərin Xocalıda torətdiyi soyqırım insan hüquqlarının pozulmasının ən bariz nümunəsidir.
   Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələri işğal altında qalmış, yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyektləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri və s. dağıdılmışdır. Rəsmi Ermənistanın apardığı siyasət bu məsələnin sülh yolu ilə həllini mümkünsüz etmişdi. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini həmişə dəstəkləmişlər, ancaq bu dəstək praktiki olaraq həyata keçirilməmişdir. Buna əyani misal olaraq münaqişə ilə bağlı 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 və 884 nömrəli qətnamələrin qəbul edilməsinə baxmayaraq onların indiyə qədər heç birinin icra olunmamasını göstərə bilərik. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyri-şərtsiz çıxarılması tələb edilirdi. Amma rəsmi İrəvan bu qətnamələrə məhəl qoymadı.
        Tək BMT-nin deyil, ATƏT-in Minsk qrupunun fəaliyyəti də səmərəsiz qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə yaradılan Minsk qrupu 28 il fəaliyyət göstərsə də, heç bir nəticə əldə edə bilməmişdi. Uzun illər ərzində Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Son illərdə isə artıq müəyyən olundu ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri vermək istəmir. İşğal altında olan tarixi Azərbaycan torpaqlarında müxtəlif təxribatlar törədir - qondarma  “Dağlıq Qarabağ” Respublikasının Parlamentinin Şuşa şəhərinə köçürür, parlament üçün bina tikdirir və s. Eyni zamanda ermənilər təxribatlara əl atır, yeni torpaq iddiaları ilə çıxış edirdilər. Artıq bu gedişə bir son qoyulmalı idi. Bu sonu isə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz yazdı. 44 güm davam edən müharibə qələbə ilə başa çatdı. Axır ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapdı.
    İşğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminin sübutları dünya birliyi tərəfindən izlənildi. Bütün infrastruktur, tarixi və dini abidələr, evlər, hətta qəbiristanlıqlar belə erməni vandalizminin qurbanı olmuşdur. Təsadüfi deyil ki, Ağdam şəhəri xarici və yerli jurnalistlər tərəfindən Qafqazın Hiroşiması adlandırıldı. Dini adət-ənənələrimiz pozulmuş, məscidlərimizdə inək, donuz saxlanılmışdır. Bu isə heç bir insanlığa sığmayan dini cinayətdir.
    Ermənistan hələ də öz hərbi təxribatından əl çəkmir. Belə ki, basdırılan minaların xəritəsini  Azərbaycana təqdim etmir. Buna görə də müharibə yekunlaşsa da, bir çox mülki şəxs və hərbiçimiz minaya düşərək həlak olur. Bu isə hərbi cinayətdir. Ərazini minalardan təmizləmədən isə məcburi köçkünləri öz ata-baba yurdlarına tez bir zamanda qaytarmağın mümkün olmadığını İlham Əliyev görüşdə bildirmişdir.
    Eyni zamanda İlham Əliyev çıxışında münaqişənin ilk günlərindən qardaş Türkiyənin mənəvi dəstəyinin bizimlə olduğunu, bu siyasi və mənəvi dəstəyə görə də hər hansı bir kənar qüvvənin məsələyə müdaxilə etmədiyini də vurğulamışdır.
    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal zirvə görüşündə Prezident İlham Əliyev bütün həqiqətləri yeni və yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
  


Açar sözlər: ,