04.05.2021

İkili standartlar və ya tarixi soyqırım saxtakarlığı

  

Bu gün  dünyada  hökm sürən  beynəlxalq hüquq  normalarına  paralel olaraq bir çox hallarda  iri dövlətlərin maraqlarına xidmət göstərən   halların  baş verməsi müşahidə edilir. Bu zaman beynəlxalq  hüququn  müddəaları  deyil, həmin    dövlətlərin, qüvvələrin maraqları əsas  götürülür. Yəni,  ikili standart  tətbiq edilir.  Bu qərəzli mövqe  24  aprel 2021-ci il tarixində   ABŞ  prezidentinin  bəyanatında  bir daha  sərgiləndi.  Erməni millətçilərinin illərdir   şovinist və  millətçi  “ideologiya”ya   çevrilmiş   saxta  “soyqırım” iddialarının  prezident Co  Bayden tərəfindən  dilə  gətirilməsi  tarixində  milli qırğınlarla  tanınan  bir ölkə  liderinin  öz dövlətinin tarixini  bilməyəcək qədər  cahil  olmasına dəlalət etmir. Əksinə, bu  ABŞ  prezidentinin  bilərəkdən  Türkiyənin  regional və qlobal güc yolunda  böyük  yol qət etməsinə  vermiş  olduğu reaksiyadır.

 İkili standartlar  məsələsində  ən çox əziyyət çəkən  xalqlardan biri məhz Azərbaycan xalqıdır.  Erməni  vandalizminin  tarixi  təzahür formaları  məhz Qafqazda  azərbaycanlılara qarşı  həyata keçirilən soyqırımlarda  daha qabarıq müşahidə edilir.  Bu  qatı millətçi xəttin  başlanğıc tarixi  XIX əsrin ortalarıdır.  Bu elə vaxtdır ki, artıq  bir sıra dövlətlər  Osmanlı dövlətini  parçalamaq  və  Anadoludan türkləri sıxışdırmaq kimi  avantürist plan hazırlamış  və  bu planı reallaşdırmaq üçün  düyməyə basmışdılar.    Bir çox hallarda tarixi satqınlıqları ilə bilinən   ermənilərə də  bu planda  dırnaqarası  mühüm rol verilmişdir. Halbuki,  Osmanlı  dövləti tərkibində yaşan digər xalqlar kimi ermənilərin  də hüquqları  dövlət səviyyəsində qorunmuş , hətta  1915-ci ildə  Osmanlı  ordusunda  general rütbəsi də daxil  6 minə qədər erməni kökənli  zabit  qulluq etmişdir.  Eyni   zamanda  yüzlərlə erməni  yüksək  mülki vəzifələrdə  çalışırdı. Nə qədər  təəccüblü  görsənsə də,  ermənilər hətta   “ sadiq  təəbə”  rütbəsi də almışdılar.  Bunlara  baxmayaraq   əsası   XVIII əsrdən   qoyulan və indi də davam edən xarici iri dövlətlərin   əlində alət rolunu oynamaq  vəzifəsi   ermənilərin  çirkin metoduna çevrilmişdir.

Bir sıra nüfuzulu  tarixçilər, vaxtı ilə bu  istiqamətdə araşdırma aparan  alimlər  “erməni soyqırımı” anlayışının tarixi reallıqla əlaqəsinin olmadığını  bildirmiş, bunun siyasi  maraqların  uydurulmuş  müstəvisi olduğunu ifadə etmişlər.  Eyni zamanda   erməni terror  təşkilatlarının  yüz ildən çoxdur ki,  milyonlarla türk-müsəlmanın  qətliamında  iştirak etdiyi  təkzibolunmaz faktlarla isbat edilmişdir.  XX  əsrin sonlarında Xocalıda  dünyanın gözü qarşısında baş verən  soyqırımı  vaxtı ilə Ermənistana rəhbərlik edən qatillər də  öz dilləri ilə təsdiq etmişdilər.  Bunları  görməzdən gələrək  qondarma iddialara etibar etmək  nə qədər hüquqidir  və nə qədər  bəşəridir ?  Zərrə qədər də. 

Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə  şanlı Azərbaycan ordusu  44 gün ərzində   30 ildir     işğal  edilmiş torpaqlarımızda    mövcud olan    erməni  faşizminin   başını  dəmir yumruqla məhv etdi, işğala  son verdi.  Müharibənin gedişi zamanı  qardaş  ölkə  Türkiyə qətiyyətli mövqe  sərgilədi. Ciddi dəstək  verdi və  bu   cənab Prezident tərəfindən dəfələrlə    qiymətləndirilmişdir.  Nəticədə  Azərbayan regionda yeni münasibətlər və əməkdaşlıq reallıqları yaratdı.  Çox güman ki,  Co  Baydenin  məlum  addımı  həm də bu amilə, daha doğrusu,  Türkiyə-Azərbaycan  ittifaqının  ABŞ–ın illərdir  müdafiə etdiyi  strateji  niyyətlərini alt-üst  etməsinə qarşı bir demarş idi.  Təbii ki,  Türkiyə Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğanın  dərhal  dövlətimizin başçısına  telefon etməsi  və  atılacaq addımları  iki qardaş və müttəfiqin müzakirə etməsi birgə və sarsılmaz  iradənin baris nümunəsidir.  Nə qədər   parodoksal olsa da, erməni məsələsi  illərdir  Türk dünyasını  birləşdirən  amilə  çevrilib. Əminik  ki,  Azərbaycan –Türkiyə tandemi  indiki  situasiyadan daha da güclənərək çıxacaq. Bunun üçün kifayət  qədər siyasi resurs və baza,  geosiyasi  zəmin  mövcuddur.  Tam əminliklə  deyə bilərik ki, Azərbaycan və Türkiyənin, ümumən  regionun  sülh  içərisində  inkişafını  istəməyənlərin niyyətləri bu dəfə də puç olacaq. İnanmaq istərdik  ki,  Ermənistan rəhbərliyi , erməni cəmiyyəti və  lobbisi   ölkələri üçün  tək nicat yolunun  Türkiyə və Azərbaycan olduğunu nə vaxtsa anlayacaqlar.  Bunu nə qədər tez anlasalar  özlərinin xeyrinədir.

 


Açar sözlər: ,  ,