21.05.2021

"Xarıbülbül" musiqi festivalı

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, “Vaqif poeziya günləri” və "Xarıbülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir. Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixini, xüsusilə, Qarabağla bağlı bütün həqiqətləri işıqlandırır.  

Dillərə dastan, əfsanə olan Xarıbülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıblar. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivallar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Məlumat üçün qeyd edim ki, "Xarıbülbül" beynəlxalq festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanılıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunub. Füsunkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” musiqi festivalı keçirilib.

Artıq Şuşada yeni həyat başlayır. Hamımız inanırıq ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Onu da qeyd etmək istərdim ki,  44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir. Mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev dedi: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, festivalın birinci günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.  Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının keçirilməsini ölkəmizin tarixində əlamətdar hadisə kimi səciyyələndirdi. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı vurğuladı: -“Bu gün Azərbaycan mədəniyyəti, mədəniyyətimizin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır. Vətən müharibəsində şanlı qələbənin təmin olunmasında Azərbaycandakı milli birlik, həmrəylik mühüm rol oynadı”.  

Festivalın ikinci günündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısını birgə ifası ilə yekunlaşdı. Konsert bitəndən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi.


Açar sözlər: