25.05.2021

"Nizami Gəncəvinin yaradıcılığı bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsidir" mövzusunda vebinar

25 may 2021-ci il tarixdə "Nizami ili" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun və Qubadlı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir. Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun, Mingəçevir Dövlət Universitetinin əməkdaşları, rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər iştirak edirdilər.

Vebinarda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, fəlsəfə üzrə elmlər doktoru, dosent Aygün Bağırlı "Nizami ili: qarşıda duran vəzifələr", Nizamişünaslıq şöbəsinin elmi işçisi Hürnisə Bəşirova "Nizami Gəncəvi irsində Azərbaycançılıq", Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müəllimi Səadət Ağakişiyeva "Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği", Qubadlı Şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Elvira Süleymanlı "Nizami Gəncəvi irsinin məktəblərdə tədrisi", Qubadlı Rayon Təhsil Şöbəsinin metodisti Elnurə Əliyeva "Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği" mövzusunda çıxışlar etmişlər. Rayonun ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən Nizaminin qəzəlləri səsləndirilmişdir.

Vebinarın keçirilməsində məqsəd dahi sənətkarın insanları əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının tədqiqi istiqamətində mövcud olan yeni yanaşmaların müəyyənləşdirilməsi, Nizami irsinin təbliğindən ibarət olub.

 


Açar sözlər: ,  ,  ,