06.09.2021

Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir

8 noyabr. O möhtəşəm səs. Şuşa, sən azadsan! Həmin gün qəlbimizdəki 28 illik bir həsrətin son nöqtəsi qoyuldu. İllərdir yatmış ruhlar o səslə oyandı. Vətənim Azərbaycan öz bütövlüyünü bayram etdi. Şuşanın azadlığı girovluqda qalmış Vaqifin, Üzeyirin, Natəvanın, Bülbülün ruhunu azad etdi.

Artıq Qarabağ düşmən tapdağından azad edilib. Bu müddət ərzində ərazidə çoxlu quruculuq işləri aparılıb. İlk növbədə azad olunmuş torpaqların  həyata qaytarılmasının rəmzinə çevrilən Zəfər yolu çəkilib, Şuşaya elektrik təsərrüfatı, suyun verilişi bərpa edilib, Heydər Əliyev Fondu üç məsciddə təmir-bərpa işləri aparıb, Natəvan bulağı bərpa edilərək istifadəyə verilib.

30 avqust 2021-ci il tarixdə Şuşada Böyük Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Açılışda Respublika Prezidenti, Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.

Dahi Azərbaycan şairi Molla Pənah Vaqif Azərbaycan tarixində xüsusi yeri olan sənətkarlardan biridir. Belə bir dahi şəxsiyyətə qiyməti ancaq xalqına, elinə, obasına sədaqəti ilə seçilən Ulu öndər Heydər Əliyev verə bilərdi. Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı qiymətləndirən şəxs idi. Rəhbər olduğu illərdə o, Şuşada M.P.Vaqifin, Naxçıvanda Hüseyn Cavidin, Gəncədə Nizaminin məqbərələrinin tikilməsinə nail olmuşdur.

1967-ci ildə Şuşaya səfər edərkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəsə də, onu tapa bilməmişdir. Daha sonra onun göstərişi ilə məzar tapılmışdır. Yaxşı vəziyyətdə olmayan qəbri ziyarət edən Ulu öndər 1980-1981-ci illərdə məqbərənin tikilməsi üçün göstəriş vermişdir. Bu məqbərənin tikilməsi sıradan bir hadisə deyildi, çünki o vaxt ŞuşaDağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edir, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, onlar özləri də yaxşı bilirdi ki, bunun heç bir sübutu yoxdur. Heydər Əliyev zəkası burada da öz işini gördü, Sovet ideologiyasına zidd olmasına baxmayaraq xanın vəziri olmuş bir mütəfəkkirə  məqbərə ucaltdırmağa nail oldu və Şuşanın əsl Azərbaycan şəhəri olmasını təsdiq etdi. 1982-ci ilin 14 yanvarında qarlı, çovğunlu bir qış günündə Heydər Əliyevin və digər sənətkarların iştirakı ilə M.P.Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. M.P.Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Konukovun layihəsi əsasında başlanılmışdır. Burada Vaqifin həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat sərgilənirdi. Beləliklə, Ulu öndər Heydər Əliyevin göstərişi ilə hər il avqust ayında ənənəvi Vaqif Poeziya Günləri keçirilməyə başlandı. Tədbir Qazaxdan başlayıb Şuşada sona çatırdı. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilmişdir. Ənənəvi Vaqif Poeziya Günləri Şuşanın işğalına qədər hər il keçirilirdi. İşğaldan sonra məhz həmin tarixi gündə - 14 yanvarda Şuşaya ilk səfəri zamanı Vaqifin dağıdılmış məqbərəsi önündə çıxış edən ölkə Prezidenti İlham Əliyev tezliklə burada təmir-bərpa işlərinin aparılacağını qeyd etdi. Abidə əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən quruldu. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan şairin bürüncdən büstü isə onun Şuşadakı evinin yaxınlığında quraşdırıldı. Prezident ilham Əliyev məqbərənin açılışında çıxış edərkən qeyd etmişdir ki, xanın vəzirinin şərəfinə Sovet dövründə məqbərə ucaltmaq qeyri-adi hadisə idi. İndi buna hər kəs təbii baxa bilər, amma sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq ,doğrudan da, fövqəladə hadisə idi. O bildirdi ki, buna yalnız Heydər Əliyevin təkidi və cəsarəti nail ola bilərdi.

Ermənilərin vəhşicəsinə dağıtdığı Şuşanı əsl sahibləri bərpa edir, ona yenidən həyat verir. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirilib mərkəzi meydanda qoyulur.

30 ilə yaxın Azəarbaycan dövləti çalışdı ki, münaqişə sülh yolu ilə sona çatsın. Çox təəssüf ki, bu baş tutmadı. Ermənipərəst beynəlxalq güclər çalışırdı ki, münaqişənin həlli uzansın və sonda bizi bu vəziyyət ilə barışdıraraq torpaqlarımızı ermənilərə versinlər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizə qızıl hərflərlə yazıldı. Bu qələbə tarixdə bənzəri olmayan bir qələbə oldu. Əks-hücum əməliyyatına başlayan Azərbaycan əsgərinin üzündə illərin iz açdığı bir inam, bir dözüm var idi. O, heç nədən qorxmadı, çəkinmədi. Dövlətinin bütövlüyü uğrunda döyüşlərə qatıldı. Bilirdi ki, qarşısındakı düşmən çox vəhşi, hiyləgər, riyakardır. Bütün çətinliklərə sinə gərdi və tarixi qələbəni əldə etdi. Qələbəmiz canlar, qanlar bahasına başa gəlsə də, xalqımız başını dik tutdu. Azərbaycan tarixinin qara səhifəsi artıq sona çatdı. İşıqlı, qələbə müjdəli yeni səhifəyə imza atdı. Sonda ədaləti bərpa edib işğalda qalan torpaqlarımızı qəhrəman oğullarımızın şücaəti nəticəsində geri qaytardı.  Vətən müharibəsi başa çatdıqdan sonra bərpa- quruculuq işlərinə geniş yer verildi. Ermənilər torpaqlarımızı az qala qarış-qarış minalamış, qəbirləri, evləri, məscidləri dağıtmışdılar. Müstəqil Azərbaycan dövləti dövlətçilik prinsipində mədəni irsə və milli təfəkkürə çox böyük ehtiram göstərir. Ona görə də işğaldan azad olunmuş torpaqlarda ilk öncə tarixi əhəmiyyət daşıyan abidələr bərpa olunmağa başlandı. Şuşa şəhəri Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Şuşaya qayıtmaqla biz sübut etdik ki, Qarabağ bölgəsi heç vaxt vandalizmin qurbanına çevrilə bilməz. Ora bizim tarixi mədəniyyət mərkəzimizdir. Şəhərin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Şuşa həmişə yaxşı müdafiə olunmasına baxmayaraq Azərbaycanda hərc-mərcliyin tüğyan etdiyi zaman ermənilər fürsəti əldən verməyərək Şuşanı işğal etdilər. 2022-ci ildə 270 yaşını qeyd edəcək başıdumanlı, ağ örpəkli, yaşıl tumanlı, torpağı  şəhid qanı ilə suvarılmış xarıbülbül ətirli Şuşa erməni vəhşiliyinə əyilmədi, sınmadı. O, öz əzəmətini qürurla qoruyub saxladı, əsl sahiblərini gözlədi. Artıq qürurla görüşünə gəlirik, əziz Şuşamız, doğma Qarabağımız!

 


Açar sözlər: