30.09.2021

Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar

Azərbaycan – Ermənistan münaqişəsinin tarixi kökləri ötən yüzilliklərə gedib çıxır. Çar Rusiyası hələ XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Azərbaycan torpaqlarının bölüşdürülməsi, həmçinin Aralıq dənizinə və Şərqə çıxış əldə etmək məqsədilə Türkiyə və İrana qarşı müharibələr aparırdı. Bu müharibələrin nəticəsi olaraq, çar Rusiyası və İran arasında 1828-ci ildə bağlanmış “Türkmənçay” müqaviləsi ilə Azərbaycan torpaqları bu iki dövlət arasında bölüşdürüldü.

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiyaya məruz qalmışlar. Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçirmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı       ( sonradan İrəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını (9,7 min kv.km) yaratmış, tədricən onun ərazisini böyüdərək 29,8 min kv.km-ə çatdırmışlar.

İran və Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya və Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salındılar. Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. 1905-1906-cı il qırğınları planlı şəkildə azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə etnik təmizləmə məqsədilə həyata keçirildiyi üçün soyqırım mahiyyəti daşıyır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər də soyqırım kimi xarakterizə edilir. 1988-1993-cü illərdə ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarındakı ərazilərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirmişlər. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırım siyasətinə ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ermənistan işğalçı siyasətini sonrakı tarixi dövr ərzində də davam etdirmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmiş, daim ərazilərimizdə təxribatlar törətmişlər. Növbəti silahlı təxribatı 2016-cı ilin aprel ayında dövlətimizə, xalqımıza qarşı törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuş və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi, Lələtəpə ərazisi, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq sahəsi uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq məharəti göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Yaralı əsgər və zabitlərin  bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu yenilməz ordudur, istənilən vəzifəni icra etməyə qadirdir. Ordumuzda daim nizam-intizam hökm sürür və döyüş qabiliyyəti yüksək səviyyədədir.  

2020-ci il 12 iyulda baş vermiş Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən erməni silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, mayor Namiq Əhmədovun, mayor Anar Novruzovun və başqalarının şəhid olması xalqı bir yumruq altında birləşdirdi. Onların qanları yerdə qalmadı, qisasları alındı. 

Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayıcı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Şübhəsiz ki, Azərbaycan Ordusunun bu tarixi qələbəni qazanmasında xalqın sarsılmaz birliyi və həmrəyliyi mühüm rol oynamışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.  Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “dəmir yumruq” olub düşmənin başını əzdi.  44 günlük Vətən müharibəsində hər birimiz Xalq-Ordu-İqtidar birliyinin sarsılmaz bütünlüyünün şahidi olduq. Düşmən üzərində qazanılmış qələbə nəticəsində Azərbaycan xalqının ictimai şüuru yeni inkişaf mərhələsinə qədəm qoydu. Artıq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dərk edir ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. Bizlər artıq bütöv Azərbayacanın vətəndaşlarıyıq. Əlbəttə, bu gün yaşadığımız qürur və fəxarət hissini Vətən uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə borcluyuq. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin hörmət əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Dövlətimizin bu addımı şəhidlərimizin ruhuna, onların doğmalarına ehtiramın bariz nümunəsidir. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ­runda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı.  Bu baxımdan qeyd etməliyik ki, Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi.

Azərbaycan xalqı bundan sonra əsrlərboyu bu tarixi qələbəni öz qəlbində yaşadacaq, daim qürur hissi keçirəcək.

Qarabağ Azərbaycandır!

 

 

 

 

 

 


Açar sözlər: