11.10.2021

Birlik, iradə və əzmkarlıq qələbəyə aparır

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbəmizlə  sona çatdı, 44 gün davam edən müharibədə qüdrətli Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamları yerlə yeksan edərək böyük zəfərə imza atdı. Bununla da “məğlubedilməz erməni ordusu” haqqındakı mif bütün dünyanın gözü qarşısında rəşadətli Azərbaycan ordusu tərəfindən məhv  edildi. “Dəmir yumruq” adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində qazandığı böyük qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir. Eyni zamanda bu qələbəmiz Azərbaycanın iqtisadi gücünü və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti Azərbaycanın gücü qarşısında məyus qalmış Ermənistan havadarlarının və ermənilərin bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik və həmrəylik göstərmişdir. Xalqımızın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçı düşmənə sarsıdıcı zərbə vurmuşdur. “Dəmir yumruq” təkcə Azərbaycanın hərbi və siyasi gücünü deyil, həm də mənəvi birliyini simvolizə edir.  Bunun nəticəsidir ki,  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə şücaət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək bir yumruq kimi birlik və həmrəylik göstərərək birləşdi və  düşmənə sarsıdıcı zərbələr endirdi.

Hər zaman xalqın dəstəyinə arxalanan cənab  Prezidentimiz İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. Belə ki,  dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin  Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibələrin hər biri Azərbaycanın  böyük diplomatik uğurudur.

Bir daha şahidi olduq ki, Vətən müharibəsində qazandığımız şanlı qələbə ölkəmizdə milli həmrəyliyə səbəb oldu. Belə ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstək və təşəkkür ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını  göstərdi. Azərbaycanın siyasi partiyaları tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Bu qəbildən "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanatlar, həmçinin "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin və  50 siyasi partiyanın müraciətləri milli həmrəyliyin bariz nümunəsidir. Bu həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Ali Baş Komandan İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında yumruğunu düyünləyərək bildirmişdir: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır”. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar – Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın. Çünki Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğu dayanıb.

Düşmənin başını əzdiyimiz bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü, həm də  xalqın Prezidentinə olan böyük inamıdır. Xalqımızın bu  böyük inamı bizə bu qələbəni qazandırdı.

Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Biz sübut etdik ki, Azərbaycan xalqı böyük xalqdır. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verir ki, işğaldan azad edilmiş torpaqlarımızı yenidən həyata qaytaraq. Doğma Qarabağ bölgəsinin, gözəl tarixi diyarımızı yenidən Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri kimi əsl cənnət məkana çevirək.

Bu gün mərd, məğrur və qürurlu Azərbaycan xalqı yenə də həmrəyliklə Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni və şanlı tariximizin yazılmasının davamı olaraq müqəddəs Qarabağ torpaqlarının dirçəldilməsində ürəklə iştirak edir.

Yaşasın Azərbaycan,

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Qarabağ Azərbaycandır!

 

 

 


Açar sözlər: ,