15.10.2021

Azərbaycan xalqının haqlı qələbəsi

Terrorçuluğun tarixi minilliklərlə ölçülür və müxtəlif xarakter daşıyır. Erməni terrorçuluğu daha mürəkkəb xarakter daşıyır; həm millətlərarası, həm siyasi, həm fiziki, həm də mənəvi terror formasında özünü biruzə verir.

Tarixi faktların analizi göstərir ki, erməni terrorçuluğu daim Rusiyanın imperiya siyasətindən bəhrələnib, Azərbaycana və Türkiyəyə, Azərbaycan və Anadolu türklərinə qarşı yönəldilib.

Tarixin müxtəlif dönəmlərində: 1905-1906, 1918-1920, 1948-1951-ci illərdə ermənilər indiki Ermənistan ərazisinə məqsədyönlü şəkildə köçürülüb. Hələ 1967-ci ilin əvvələrində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən 2 erməni qətlə yetirilmiş və erməni təhrikçilərinin rəhbərliyi altında bu hadisə ilə bağlı günahsız 2 azərbaycanlı həbs edilib sonra da yandırılmışdır. Onda möhtərəm Heydər Əliyev  Dağlıq Qarabağa, sonra Şuşaya getmişdir. Şuşada1905-1906,1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdür.

İllər keçsə də, ermənilər çirkin əməllərindən əl çəkməyərək 1920-ci ildə Dağlıq Qarabağ məsələsini ortaya atmışlar. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə  hərbi təcavüzə başladı. Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğal edildi.

I Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 20%-ni itirdi. Belə çətin bir dövrdə xalqın tələb və təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev beynəlxalq aləmdə yaradılmış mənfi ictimai rəyi dağıtmaq üçün hər şeydən əvvəl müharibəni dayandırıb dinc şəraitin təmin edilməsinin vacibliyini bəyan etdi. Bu məqsədlə 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail oldu.

Respublikamız 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmuddətli diplomatik danışıqlar apardı. 30 illik sülh danışıqları prosesində vəclə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olundu.

2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Yeni hökumətin ciddi şəkildə danışıqlarda iştirak edəcəyinə müəyyən ümidlər var idi. Azərbaycan Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idi. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin Azərbaycanın müsbət addımlarına baxmayaraq Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti  də Azərbaycanla dinc qonşuluq əvəzinə işğalın davam etdirilməsi yolunu seçdi. Sülh danışıqları prosesi Erməmistanda yeni hakimiyyətə gəlmiş M.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatlarə ilə sarsıldı.

2020-ci ilin iyul ayında Ermənistan Azərbycanla dövlət sərhədi boyu təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbiçi və mülki vətəndaş həlak oldu. Bunun davamı olaraq Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbiçilərinə və mülki şəxslərə qarşı irimiqyaslı hücuma başladı. Erməni terrorçu hərəkatının yeni dalğası başladı. Erməni terrorunun mahiyyəti yox, metodları dəyişdi. Erməni Silahlı Qüvvələri atəşkəsi pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqeyini atəşə tutması ilə müharibə başlandı. İyulun 13-dən başlayan döyüşlərdə Tovuzun Dondar Quşçu, Ağdamın Əlibəyli kəndləri atəşə tutuldu. Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin 5 hərbi qulluqçu,76 dinc sakin həlak oldu. Ermənistan tərəfi döyüş bölgəsinə əlavə qüvvələr göndərməyə davam edirdi. Döyüşlər gedən müddətdə gün ərzində atəşkəs ən azı 60 dəfə pozulurdu. Bütün bunlara cavab olaraq Azərbaycan BMT Nizamnaməsinin 51-ci madddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.

30 ilə yaxın bir vaxtda 1 milyondan çox azərbaycanlı ev- eşiyini itirib, ən adi məişət şəraitindən mərhum olub, qaçqın düşərgələrində məcburən yaşadı. Qaçqın düşərgələrində azərbaycanlıların yeni nəsli yetişdi. Onlar bildilər ki, biz ermənini yox, erməni bizi düşmən seçib, bizim qanımıza susayıb, torpaqlarımızı zəbt edib. Onlar bildilər ki, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı azad etməlidirlər.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi Ermənistanın isə kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində Azərbaycanın Milli Ordusu tərəfindən 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad edildi. İgid əsgərlərimiz Dağlıq Qarabağın incisi olan Şuşanı, onun ardınca bir gündə 70-dən çox kəndi ,strateji yüksəkliyi azad etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni reallıq yaratdı. Şuşa şəhəri də daxil olmaqla Dağlıq Qarabağın böyük bir hisssəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu onu sübut etdi ki, Azərbaycanın razılığı olmadan heç bir qərar verilə bilməz. Ermənistan Azərbaycan qarşısında kapitulyasiyanı qəbul etmək məcburiyyətində qaldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqları azad etmək məqsədi ilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı və qısa müddətdə uğurlar əldə etdi. 44 gün ərzində Ermənistanın 30 ilə qurduğu, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb etdiyi ordunu darmadağın etdi. Azərbaycanın işğal olunmuş ərazisinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. 2020-ci il  noyabrın 10-da təslim olan Ermənistan öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.

Müasir dövr üçün 44 günlük müharibə əslində qısa müddət deyil. Dünyanın 50 güclü silahlı qüvvəsi arasında yer alan Azərbaycan Ordusu qarşısında işğalçı bir dövlət duruş gətirə bilmədi. Ali Baş Komandanın ”Qarabağ” Azərbaycandır və nida” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrasını özü döyüşərək təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi. Ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Prezidentimiz İlham Əliyevə görə Dağlıq Qarabağ “yolunu azmış azərbaycan vətəndaşlarının yaşayış yeridir”. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi uzun müddət beynəlxalq ictimaiyyətin diqqətin cəlb etmədi, çünki dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi, çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən amillərdən biri idi.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar  siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Münaqişəni qurtarmaq üçün BMT-yə müvafiq məlumatlar verdi, müraciət etdi. 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı BMT-yə yenə müraciət etməyə vadar etdi. BMT isə yalnız bəyanat verməklə kifayətləndi. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunub. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə 28 il ərzində kağız üzərində qalmışdır. Nəhayət, Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etdi və dünya Azərbaycanı yenidən kəşf etdi. Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatiya sahəsində də qalib gəldi. Həmişə olduğu kimi bütün işlərdə Azərbaycan qardaş Türkiyənin dəstəyinə arxalandı. Möhtərəm Prezident İlham Əliyev faşist ideologiyası  yürütdüyünü, dünya birliyini münaqişənin ədalətli sülh yolu ilə həlli üçün BMT nizamnaməsi, Helsinki Yekun aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında ermənilərin təcavüzkar siyasətinə son qoyulması üçün tədbirlər görməyə çağırmışdır. ATƏT-in Minsk qrupu  Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə, danışıqlar ilə həlli üçün yaradılmış qurumdur. Qrupun əsas vəzifəsi  Azərbaycan-Ermənistan münaqişəsini sülh yolu ilə aradan qaldırmaq və buna kömək etmək idi. 44 günlük Zəfər tariximiz buna ehtiyac olmadığını sübut etdi.

Azərbaycan Respublikası Prezidentinin  2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməsi tapşırılıb.

Biz həmişə Prezidentimiz İlham Əliyevin arxasında olmuşuq, olacağıq. “Dəmir yumruq” öz gücünü xalq-prezident, xalq-ordu, xalq-hökumət birliyini necə möhkəm və sarsılmaz olduğunu nəinki Ermənistana, həm də bütün dünyaya göstərdi və lazım gələrsə, göstərməkdə yenə də davam edəcəkdir.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!


Açar sözlər: ,