18.10.2021

Prezident təqaüdçüsü Qasımova Röyanın uğur hekayəsi

Respublika Prezidenti İlham Əliyevin “2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən  2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərən və yerli ali təhsil müəssisələrinə daxil olan 102 tələbə Prezident təqaüdü alacaq.  Bu tələbələr içərisində Qubadlı rayon C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunu Qasımova Röya da var.

Qasımova Röya II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarından  683,2 bal toplayıb. Bakı Ali Neft Məktəbində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alır.

Qasımova Röya uğura aparan yolu belə qeyd edir: “Yüksək bal toplamağı gözləsəm də, Prezident təqaüdçüsü ola biləcəyimi gözləmirdim. Bu mənim üçün çox qürurverici hal idi. Bu ali etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Yüksək bal toplamağımda böyük dəstəyi olan valideynlərimə və müəllimlərimə minnətdaram. Hazırlıq dövrümüz pandemiya dövrünə düşsə də, əlimdən gələni edib ailəmin və müəllimlərimin gözləntilərini qarşıladım, bu mənim üçün böyük sevinc idi. Hər zaman elmə, təhsilə böyük önəm vermişəm. Boş vaxtlarımda da dünyagörüşümü artırmaq üçün kitab oxuyurdum, təkrarlar edirdim. Oxumağın həm mənəvi, həm də maddi cəhətdən hər zaman faydası olacağını düşünürəm. Bunu bildiyim üçün, xüsusilə, son 2 ildə daha çox dərslərimə vaxt ayırdım, təkrarlar etdim. Nəhayət, istədiyim ixtisasa qəbul oldum. Biznesin idarə edilməsi məncə iqtisadiyyatın bir çox sahəsini özündə birləşdirir. Buna görə də həmin ixtisası seçdim. Bakalavr təhsilimi bitirdikdən sonra isə xaricdə magistr oxuyub öz ixtisasım üzrə ən tanınmış kadrlardan olmaq istəyirəm".

 


Açar sözlər: