20.10.2021

"Böyük qayıdış"ın birinci addımı

Azərbaycan tarixində yeni bir səhifəni qızıl hərflərlə yazan 44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Bu zəfər bizim üçün daha dəyərlidir, ona görə ki, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, bu müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Ali Baş Komandanımızın başçılığı ilə ordumuzun əldə etdiyi tarixi zəfər dövlətin və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının milli qürurunu, özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

30 ilə yaxın bir dövrdə böyük səbr və təmkin  göstərən xalqımız nəhayət qələbəyə çatdı. 20 oktyabr ölkəmiz üçün daha bir tarixi əhəmiyyətli gün oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəq Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəd olan iqtisadi və siyasi cəhətdən  starteji əhəmiyyətli Zəngilan rayonunun işğaldan azad edilməsi böyük tarixi hadisədir. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə işğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi və müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlanıldı.

Bu tarixi qələbədə əvəzsiz xidmətləri olan, Zəngilan uğrunda döyüşlərdə iştirak edən döyüşçülərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi  məqsədilə 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri bütün Zəngilan sakinlərində fərəh, qürur hissi oyadır. Bu tarixi səfərlər işğaldan azad edilmiş Zəngilanın tarixində böyük səhifələr açır.

2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Böyük qayıdışa Şərqi Zəngəzurun qapısı olan Zəngilandan başlanması isə xüsusi diqqətəlayiqdir. Bu bütün Zəngilanlıları bir daha qürurlandırır.

İşğal dövründə mənfur ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. İlk bərpa edilən kəndlər isə  Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək.

Doğma Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometr və 6 zolaqdan ibarət olacaq.

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Ulu Öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. Zəngilanın işğaldan azad olunması bizə bəşər mədəniyyətinin ən zəngin nümunələrini qaytardı. Həmin abidələri erməni işğalçılarından xilas etdi. Məlumdur ki, bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, sökülüb. Təmir-bərpa işlərində məscidlərin, tarixi və dini abidələrin yenidən qurulmasına verilən önəm xüsusi diqqəti cəlb etdi.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Zəngilan rayonunun belə sürətlə bərpa olunması, Qarabağda birbaşa cənab Prezidentin nəzarəti ilə geniş miqyaslı  quruculuq işlərinin aparılması bir daha göstərir ki, Azərbaycan xalqı bundan sonra da öz Liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Doğma Qarabağ, əziz Zəngilan əsl cənnət məkana çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq və dirçələcək.

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Qarabağ Azərbaycandır!

 


Açar sözlər: