28.12.2021

Rayonun ümumi təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi tədbirləri

Bildiyimiz kimi Azərbaycan Respublikasının ərazisinin bir hissəsi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş və 30 ilə yaxın bir müddətdə əsarətdə qalmışdır. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə nəticələnmiş və işğal altında olan torpaqlarımız azad edilmişdir. Azad edilmiş torpaqların əksər hissəsi minalandığı üçün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zərurəti daha da aktuallaşmışdır. Azad edilmiş ərazilərdə mütəmadi olaraq mina partlayışlarının baş verməsi böyük fəlakətlərə səbəb olur. Əraziyə səpələnmiş partlamamış hərbi sursatlar daim yeni fəlakətlərə səbəb olacaq risklər yaradır. Belə risklərdən biri də vətəndaşların mina və partlamamış hərbi sursatlarla bağlı məlumatsızlığıdır. Bəzən təmizlənmiş ərazilərdə belə zərərsizləşdirilməmiş minalar aşkar edilir. Şanlı qələbəmizlə işğaldan azad edilmiş torpaqlara bir milyondan çox qaçqın və məcburi köçkünün geri qayıtması nəzərdə tutulub. Həmçinin insanlar doğma torpaqları ziyarət etmək arzusundadır. Böyük qayıdış gerçəkləşdikdən sonra ərazilərin mənimsənilməsi zamanı vətəndaşların müvafiq şəraitdə təhlükəsizlik qaydalarını bilməsi və bu qaydalara əməl etməsi üçün kütləvi və lokal maarifləndirmə tədbirlərinin keçirilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması baxımından vacibdir.

Bu baxımdan Qubadlı rayonunun H. Quliyev adına Çaytumas məktəb-liseyində və İ. Qayıbov adına Saray kənd tam orta məktəbində müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədi ilə çağırışaqədərki hazırlıq rəhbərləri tərəfindən açıq dərslər təşkil edilmişdir. Açıq dərslərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, Vətən müharibəsinin iştirakçıları olmuş Q. İlyasov adına Şəhər 1 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Sənan Həsənov, Teymur Müskanlı kənd tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Mais Kazımov, rayonun digər ümumi təhsil müəssisələrinin hərbi rəhbərləri iştirak etmişlər.

Açıq dərslərdə müəllim və şagirdlərə mina və partlamamış hərbi sursatların forması, rəngi, ölçüsü, nədən hazırlanmasından danışılmış, iştirakçılarda onları tanımaq bacarıqları formalaşdırılmış, mina və partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri barədə məlumat verilmiş, minalanmış əraziyə daxil olanda təhlükəsiz hərəkət etmək qaydaları öyrədilmiş, şagirdlərə minalarla oynamamaq, çubuqla onlara toxunmamaq, mina və partlamamış hərbi sursatların partlayaraq onları öldürə və ya şikəst edə bilməsi izah olunmuşdur.

Onu da qeyd edək ki, mina və partlamamış hərbi sursatlar təhlükəsinə qarşı açıq dərslər rayonun Ş. Kərimov adına Çərəli, Ç. Quliyev adına Çardaxlı, B. Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəblərində də təşkil olunmuşdur. Eyni zamanda rayonun digər ümumi təhsil müəssisələrində də bu tipdə açıq dərslərin təşkili nəzərdə tutulmuşdur.

Mina və hərbi sursatların təhlükəsinə dair maarifləndirmənin əsas məqsədi təhsilverənləri, təhsilalanları təhlükəsizlik qaydaları ilə tanış etmək, mina və digər hərbi sursatların təhlükəsinə dair maarifləndirmək, hərbi sursatlarla bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün onlarda zəruri bilik və vərdişlər formalaşdırmaqdır.