Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 17 aprel 2021-ci il tarixli 2583 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Dövlət Pedaqoji Universiteti (C.Cəfərov) yubiley tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı Universitetdə Təşkilat Komitəsi yaratsın, aidiyyəti icraçı qurumlarla birlikdə tədbirlərin icrasını təmin etsin, icra vəziyyəti barədə mütəmadi olaraq Təhsil Nazirliyinə məlumat versin, cari ilin dekabr ayında müvafiq hesabat hazırlayıb təqdim etsin.
3. Ali təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrasını təmin etsinlər və görülmüş işlər barədə cari ilin dekabr ayında Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
4. Nazirliyin aidiyyəti struktur bölmələrinin və qurumlarının rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsi ilə bağlı zəruri işləri həyata keçirsinlər.
5. Elm, ali və orta ixtisas təhsili şöbəsi (N.Məmmədli) Tədbirlər Planının icrası ilə bağlı məsələlərin əlaqələndirilməsi və hesabatların ümumiləşdirilməsi ilə bağlı məsələləri həll etsin.
6. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin və Tədbirlər Planının çoxaldılıb aidiyyəti struktur bölmələrə və qurumlara göndərilməsini təmin etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin və Tədbirlər Planının Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
          
Əsas: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin  qeyd edilməsi haqqında” 17 aprel 2021-ci il tarixli 2583 nömrəli Sərəncamı.


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
3 may 2021-ci il
F-203

 

 


Paylaş